İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

26.04.2013

26 aprel 2013-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.

   İclasda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə baxılmış, ekspertiza xidmətlərinin tariflərinə dair Tarif (qiymət) Şurasının müvafiq qərarına dəyişikliklər edilmişdir.
   Belə ki, Bakı şəhərində marşrutların sayının 316-dan 217-dək azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilmişdir.
   Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmamışdır. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi 20 qəpik səviyyəsində saxlanılmış, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılmışdır.
   Tarif (qiymət) Şurasının qərarı ilə şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən edilmişdir. Qərara əsasən sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatlar avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməlidir.
   İclasda “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli Qərarına dəyişikliklər edilmişdir. Belə ki, ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri ixrac olunan məhsulun həcminə görə deyil, hər bir sertifikat üzrə sabit qiymət müəyyənləşdirilmişdir.
   Yeni tariflər 1 may 2013-cü il tarixindən qüvvəyə minəcəkdir.
   Tarif (qiymət) Şurasının iclasında “Azərsu” ASC-nin su təchizatı və tullantı sularının axıdılması xidməti üzrə 31 yanvar 2011-ci il tarixində aparılmış tarif dəyişikliyinin Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə təsiri barədə hesabatı dinlənilmişdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası