ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

5 DEKABR 2023 - 11:00

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 10

 

Bakı şəhəri, 5 dekabr 2023-cü il

 

Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”na uyğun olaraq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciətini nəzərə alaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri təsdiq edilsin (Əlavə 1).

2. Dərman vasitələrinin və dərman maddələrinin ölkəyə idxalı və ya ölkə daxilində istehsalı ilə bağlı laborator ekspertizası xidmətlərinin tarifləri təsdiq edilsin (Əlavə 2).

3. Yenidən dövlət qeydiyyatına alınması məqsədi ilə ixtisaslaşdırılmış ekspertizanın aparılması zamanı hər əlavə doza və hər əlavə qablaşdırma üçün tarif yalnız dərman vasitəsinin əvvəllər dövlət qeydiyyatına alınması zamanı ixtisaslaşdırılmış ekspertizaya təqdim olunmuş dozalarından və qablaşdırmalarından fərqləndiyi təqdirdə tətbiq olunsun.

4. Bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş tariflərdə bütün xərclər nəzərə alınmışdır.

5. Bu Qərar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərmanının 2.4-cü bəndi ilə verilmiş tapşırığa əsasən dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması üçün sadələşdirilmiş ekspertizası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişiklik edildikdən sonra, həmin dəyişikliklərlə eyni tarixdən qüvvəyə minir.

6. Bu Qərarla təsdiq edilmiş tariflər qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 30.01.2021-ci il tarixli 6 nömrəli Qərarı ləğv edilsin.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                                               Mikayıl Cabbarov