AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 16
Bakı şəhəri, 29 dekabr 2024-cü il
Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ödənişin məbləğlərinin tənzimlənməsi barədə
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli 52 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə (STTSAS) qoşulma xidmətinə görə ödənişin məbləğləri təsdiq edilsin:
1.1. “Məişət abonentlərinin STTSAS-ə qoşulma xidmətinə görə ödənişin məbləğləri” (Əlavə 1);
1.2. “Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin STTSAS-ə qoşulması xidmətinə görə ödənişin məbləğləri” (Əlavə 2);
1.3. “Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin STTSAS-ə qoşulması xidmətinə görə ödənişin məbləğləri” (Əlavə 3).
2. Tullantı sularının axıdılması sistemi olmayan ərazilərdə ödəniş yalnız su təchizatı sisteminə qoşulmaya görə tətbiq edilir.
3. Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov