Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı kifayət qədər məlumat verilsə də, maraq doğuran bir sıra məsələlərin daha ətraflı izahına ehtiyac olduğu nəzərə alınaraq, suallarımızı Tarif (qiymət) Şurasının katibi İlkin Məcidova ünvanladıq.
1. İlkin müəllim, dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi və prosesin gedişi barədə məlumat verməyinizi xahiş edirik.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi istiqamətində işlər intensiv şəkildə həyata keçirilir.Məlumdur ki, 2014-cü il 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilərək dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilmişdir. Dövlət başçısının 2015-ci il 18 mart tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının təsdiq edilməsi, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin olunması tapşırılmışdır.Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilmişdir. Həmçinin, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir.Daha sonra Tarif (qiymət) Şurası tərəfindən “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” təsdiq edilərək, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılmışdır.Tənzimləmənin məqsədi əhalinin dərman vasitələri ilə optimal qiymətlərlə etibarlı təchizatına nail olmaqdan ibarətdir. Mindən çox dərman vasitəsi üzrə təsdiq olunan qiymətlər cari ilin 15 sentyabr tarixindən qüvvəyə minsə də, qeyd edildiyi kimi, ümumilikdə bu istiqamətdə işlərə dövlət başçısının tapşırıqlarına uyğun olaraq daha əvvəldən başlanılmışdır.Tətbiq edilən prosedura əsasən, tənzimləmə prosesi mərhələli şəkildə həyata keçirilir. Qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmışdır.Prosesin davamı olaraq Tarif (qiymət) Şurasının bir neçə iclası keçirilmiş və qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötmüşdür. Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir. Rəqabət mühitinin pozulmaması və əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, mal qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq, yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcəkdir.Ümumilikdə, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin 2015-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.
2. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini zəruri edən səbəblər nədir?
Qeyd edim ki, dərman bazarı bir sıra xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və burada sərbəst rəqabətin olması heç də öz-özlüyündə qiymətlərin aşağı düşəcəyinə zəmanət vermir. Məlumdur ki, sərbəst rəqabət bazarının dörd əsas şərti mövcuddur. Bunlardan birincisi bazarda alıcı və satıcının çox olması, ikincisi firmaların bazara asanlıqla daxil olması, üçüncüsü məhsulların eyni (homogen) olması və nəhayət dördüncüsü, hər kəsin bazar haqqında tam informasiyaya sahib olmasıdır.Dərman bazarının xüsusiyyətlərinə görə yuxarıda sadalanan üçüncü və dördüncü şərtlərin təmin olunmaması ümumilikdə dərman bazarında sağlam rəqabət mühitini formalaşdırmağa imkan vermədiyi üçün əksər ölkələr, o cümlədən iqtisadiyyatı kifayət qədər liberal olan Avropanın inkişaf etmiş ölkələri dərman bazarını tənzimləmək məcburiyyətindədirlər.Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da istehlakçılar dərman bazarı və dərman vasitələri barədə yetərli informasiyaya malik deyil. Bundan istifadə edən “marketinq firmaları” öz aralarında rəqabət artdıqca, qiymətləri aşağı salmaq əvəzinə, qiymətləri qaldırır və vətəndaşın hesabına “tanıtma xərcləri”ni artıraraq rəqibləri ilə eyni tərkibdə (homogen) olan dərman vasitəsini heterogen, yəni “fərqli dərman” kimi başqa adda satışa çıxarırlar. “Tanıtma xərcləri”nin son həddi olmadığından dərmanların qiyməti dəfələrlə şişirdilmiş olur. Dolayısı ilə, rəqabət artdıqca paradoksal olaraq qiymətlər də artır.Bu kimi xüsusiyyətlər nəzərə alınaraq, dərman vasitələrinin qiymətləri bir sıra ölkələrdə, o cümlədən əksər Avropa ölkələrində bu və ya digər formada dövlət tərəfindən tənzimlənir. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi həm də izafi “tanıtma xərcləri”nin korrektə edilməsinə və nəticədə optimal qiymətlərin formalaşmasına xidmət edir.Bu eyni zamanda sivil ölkələrdə qəbuledilməz hesab edilən “idxalçı-həkim-aptek” sövdələşməsinə də son qoymaqla yanaşı, orijinal və generik dərman vasitələri istehsal edən qabaqcıl əczaçılıq şirkətləri üçün daha əlverişli mühitin yaradılması deməkdir.
3. Dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi metodologiyası və tətbiq edilən marjalar barədə məlumat verməyinizi xahiş edirik.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin, Səhiyyə Nazirliyinin və Tarif (qiymət) Şurasının əməkdaşları son iki ildə bir sıra Avropa ölkələrində və Türkiyədə olmuş, həmin ölkələrin, həmçinin digər ölkələrin təcrübəsi öyrənilmiş, müvafiq təhlillər aparılmış və təkmilləşdirilmiş metodologiya hazırlanmışdır.Tətbiq edilən bu metod “referans qiymət yanaşması” adlanır və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur. Metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir.Qanunvericilikdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə ən azı 5 istinad ölkəsinin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Tarif (qiymət) Şurası tərəfindən daha ədalətli və optimal bazis qiymətin müəyyən edilməsini təmin etmək üçün Avropa İttifaqına üzv olan 9 ölkə və Türkiyədən ibarət 10 istinad ölkəsi müəyyən edilmişdir. Çünki müşahidələrin, nümunələrin sayı artdıqca nəticələr reallığı daha yaxşı əks etdirir.İstinad ölkələri seçilərkən onların tənzimləmə təcrübəsi, informasiya mənbələrinə çıxış imkanları, əhalinin sayı, əhalinin gəlir səviyyəsi, əczaçılıq sənayesinin inkişafı, həmin ölkələrdə dərman vasitələrinin qiymətləri və s. kimi məsələlər nəzərə alınmışdır.Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiymətlər müəyyən edilir.Metodologiyaya əsasən müəyyən edilən bazis qiymət əsasında nəzarət markasının da qiyməti nəzərə alınmaqla, ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalarda həm topdansatış əczaçılıq müəssisəsi və həm aptek təşkilatı üzrə məqbul səviyyədə - hər biri üçün 20 faizədək marja nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübəyə uyğun olaraq, əczaçılıq subyektləri üç qrupa ayrılmışdır: istehsalçılar, topdansatış əczaçılıq müəssisələri və aptek təşkilatları.Məlumdur ki, dərman vasitələrinin ölkəmizə idxalı istehsalçılar, topdansatış əczaçılıq müəssisələri və ya çoxsaylı “marketinq firmaları” kimi tanınan vasitəçilər tərəfindən həyata keçirilir. “Marketinq firmaları” dərman vasitələrinin özlərinə məxsus ticarət adı altında xarici ölkələrdə olan hər hansı bir zavodda sifarişlə istehsalını təşkil edir və Azərbaycana idxal edirlər. Yəni faktiki olaraq istehsalçı rolunda çıxış edirlər. Buna görə də, vasitəçilər və topdansatış əczaçılıq müəssisələri üçün beynəlxalq təcrübəyə uyğun olaraq, eləcə də qiymətlərin yüksəlməsinə səbəb olacağı nəzərə alınaraq ayrı-ayrılıqda deyil, ümumi marja müəyyənləşdirilmişdir.
4. Yeni qiymətlərin əvvəlki qiymətlərlə müqayisəsi nəyi göstərir?
Hazırda Tarif (qiymət) Şurası tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənmişdir ki, bunun nəticəsində satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 50% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 26% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınmış, bütövlükdə isə, həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilmişdir.Məsələn, təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətləri 6-8 dəfə aşağı salınmışdır. Şuranın son qərarı ilə həmçinin, öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və s. ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilmişdir.
5. Bazis qiymətlər müəyyən edilərkən hansı informasiya mənbələrindən istifadə olunur?
Qaydalara əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət isə dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilir.Qeyd edək ki, bazis qiymət müəyyən edilərkən dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınır.Əgər istinad ölkələrində axtarılan doza və qablaşdırma miqdarında dərman vasitəsi yoxdursa, bu zaman ekvivalent dərman vasitələrinin, bu da olmasa oxşar dərman vasitələrinin qiymətləri nəzərə alınır. Bu cür yanaşma beynəlxalq təcrübədə də (məsələn, İspaniya, Türkiyə, Fransa və s.) geniş tətbiq olunur.Bazis qiymətlərin, yəni dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə istinad ölkələrində elə informasiya mənbələrinə istinad olunur ki, buradakı məlumatlar hamı üçün açıq olsun. Bununla bağlı bir sıra faydalı saytların keçidləri Tarif (qiymət) Şurasının saytında yerləşdirilmişdir.Məsələn, Türkiyədə dərman vasitələrinin topdansatış və pərakəndə satış qiymətləri kimi topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətləri bu ölkənin öz valyutası ilə (türk lirəsi) təsdiq olunur.Türkiyədə dərman vasitələrinin qiymətləri barədə məlumatlar Türk Əczaçılar Birliyinin (teb.org.tr), Türkiyə İlaç və Tibbi Cihaz Qurumunun (titck.gov.tr) rəsmi saytları və ya “ilacrehberi.com” saytından əldə oluna bilər.Firmalar Türkiyə İlaç və Tibbi Cihaz Qurumunun saytında (titck.gov.tr/AddUserPrice.aspx) müvafiq şifrə ilə daxil olaraq dərman vasitəsinin türk lirəsi ilə ifadədə topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərini əldə edə bilərlər.Belə şifrəyə sahib olmayan istifadəçilər yuxarıda qeyd olunan digər saytlardan istifadə etməklə Təlimatda nəzərdə tutulduğu kimi, pərakəndə satış qiymətindən vergiləri və qanunvericiliklə nəzərdə tutulmuş digər əlavələri çıxmaqla həmin ölkə üçün dərman vasitəsinin türk lirəsi ilə ifadədə topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərini müəyyən edə bilərlər.Bütün bunlarla yanaşı, istinad ölkələrində dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrinə satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən əczaçılıq subyektlərinə hər cür köməklik göstərilir.Dərman vasitəsinin qiymət bəyannaməsi doldurularkən onun Türkiyədə lirə ilə, Polşada zlota ilə, Bolqarıstanda lev ilə, digər istinad ölkələrində avro ilə ifadə olunan topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri götürülür və həmin günə olan kursa əsasən ABŞ dollarına çevrilməklə hesablanır.Bazis qiymətlər ABŞ dolları ilə ifadədə müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, manatla ifadədə dərman vasitəsinin ölkə daxilində topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətləri hesablanır. Bu şərti qiymətlər əsasında dərman vasitəsinin topdansatış və pərakəndə satış qiymətləri müəyyən edilir. Tarif (qiymət) Şurası tərəfindən bazis qiymətləri dərman vasitəsinin idxalçıları ilə istehsalçıları arasındakı hesablaşmaların aparılması üçün deyil, ölkədaxili topdansatış və pərakəndə satış qiymətlərinin hesablanmasında əsas götürülməsi üçün müəyyən edilir.Dərman vasitələrinin ölkə daxilində topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətləri hesablanarkən istehsalçı ölkələrin əczaçılıq sənayesinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, orijinal və generik dərman istehsalında iştirakı, dərman vasitələrinin qeydiyyatı ilə bağlı müvafiq qurumların nüfuzu nəzərə alınmaqla ölkələr üzrə qruplaşdırma aparılır.Qiymətlər Tarif (qiymət) Şurası tərəfindən təsdiq edildikdən sonra yenidən baxılana qədər dəyişməz qalır. Qiymətlərə yenidən baxılması proseduru Qaydalarla tənzimlənir.
6. Orijinal və generik dərman vasitələrinin qiymətləri necə fərqləndirilir?
Qeyd edim ki, generik dərman vasitələri orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilən dərman vasitələridir.Dərman vasitəsinin qiyməti 10 istinad ölkəsində dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müqayisə əsasında müəyyən edilir. Bu zaman beynəlxalq təcrübədə olduğu kimi orijinal dərman vasitəsinin qiyməti orijinalla, generik dərman vasitəsinin qiyməti isə generiklə müqayisə olunur.Bir qayda olaraq orijinal dərman vasitəsinin qiyməti generik dərman vasitəsinin qiymətindən baha olur ki, bu da orijinal dərman vasitəsinin ixtirası ilə əlaqədar tədqiqat və inkişafetdirmə (R&D) xərclərinin yuxarı olması ilə bağlıdır. Orijinal dərman vasitəsinin patent müddəti bitdikdən sonra onun generikləri meydana çıxdıqca qiymət fərqi azalmağa başlayır. Bu isə generik dərman vasitələrinin qiymətlərinin artımı ilə deyil, əksinə orijinal dərman vasitəsinin qiymətinin endirilməsi hesabına baş verir.Qiymət fərqinin azalması üçün hər bir ölkə generik dərman vasitəsinin istehsalı və ya idxalı üçün zəruri tədbirlər həyata keçirir. Belə ki, generik dərman vasitəsi istehsalında ciddi irəliləyişlər əldə edildiyi təqdirdə, orijinal dərman vasitəsinin qiymətlərinin kəskin endirilməsinə nail olmaq mümkündür. Bu baxımdan Azərbaycanda, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında əczaçılıq məhsullarının istehsalının təşkili məqsədilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparılır və bu istiqamətdə tədbirlər görülür.O zamana qədər isə daxili bazarın həm orijinal, həm də generik dərman vasitələri ilə etibarlı təchizatı baxımından istinad ölkələrində orijinal və generik dərman vasitələri arasındakı qiymət fərqi nəzərə alınmaqla ölkəmizdə də bu fərqin qorunması zəruridir. Müəyyən dərman vasitələrinin orijinalı və generiki arasındakı qiymət fərqi istinad ölkələrində az olduğu təqdirdə, bu fərq Azərbaycanda da az, çox olduğu təqdirdə isə Azərbaycanda da çox olacaqdır. Qeyd edim ki, qiyməti təsdiq edilən dərman vasitələrinin 14 faizini orijinal dərman vasitələri təşkil edir.
7. Qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasının səbəbi nədir?
Qanunvericiliyə əsasən sadəcə satışda olan dərman vasitələrinin deyil, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənməlidir. Belə ki, beynəlxalq təcrübədə də dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır. Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır.Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (Azərbaycanda qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur. Ona görə də, Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən qiymət cədvəlində dərman vasitələri ticarət adlarına görə deyil, tərkiblərinə (yəni, təsiredici maddələrə) əsasən sıralanmışdır.Qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilmişdir və əlavə qiymətlər təsdiq olunduqca yenilənir. Siyahı saytda “pdf” formatında yerləşdirilir ki, bu da həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə imkan yaradır.İstehlakçılar qiymət cədvəli ilə tanış olduqda həmin dərmanın qiyməti ilə yanaşı tərkibi, eyni xəstəliklərin müalicəsi baxımından hansı alternativlərinin olduğu və hansı ölkədə istehsal edildiyi barədə müfəssəl məlumata sahib olurlar. Çünki dərman vasitələrinin qiymətləri məhz onların tərkibləri nəzərə alınaraq, optimal səviyyədə müəyyən edilir.O da məlumdur ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, yuxarıda qeyd etdiyim kimi, “tanıtma xərcləri”ni artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan “marketinq firmaları”nın imkanlarını məhdudlaşdırır və həmin firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər. Buna baxmayaraq, dünyanın aparıcı şikətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar.Tənzimləmə prosesi istehlakçıların maariflənməsini, dərman vasitəsinin ticarət adından asılılığın tədricən aradan qalxmasını zəruri edir. Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar öz sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməlidir.
8. Dərman vasitəsinin qiymətinin aşağı salınması onun keyfiyyətinə nə dərəcədə təsir edəcəkdir?
Məlumdur ki, ölkəyə idxal olunan dərman vasitələrinin həm qeydiyyat prosesində, həm də idxal zamanı keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən müvafiq qaydada nəzarət olunur.Yuxarıda qeyd etdiyimiz kimi dərman vasitələrinin qiymətlərinin formalaşması digər əmtəələrin qiymətlərinin formalaşmasından fərqlənir. Belə ki, ölkələr üzrə dərman vasitələrinin qiymətlərinin təhlili göstərir ki, dərman vasitəsinin qiyməti ilə onun keyfiyyəti arasında statistik baxımdan birbaşa əlaqə, pozitiv korrelyasiya mövcud deyil.Reallıq budur ki, dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzi Avropa ölkələrində isə daha baha qiymətə satılır. Yaxud müşahidələrimiz eyni istehsalçının dərman vasitələrinin qiymətlərinin bir sıra Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə baha olduğunu göstərir. Qiymətlərin ucuzluğunu əsas gətirərək heç cür iddia edə bilmərik ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətdə “güzəştə” gediblər. Hətta eyni istehsalçı tərəfindən istehsal olunan dərman vasitələri müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılır. Məhz bu kimi səbəblər Avropa ölkələrini “maya dəyəri”, “keyfiyyət” kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında dövlət tənzimlənməsi mexanizminin tətbiqinə yönəltmişdir.
9. Qiymətlər müəyyən edilərkən əczaçılıq subyektləri ilə müzakirələr aparılırmı?
Tənzimləmə ilə bağlı əczaçılıq subyektləri ilə mütəmadi müzakirələr aparılır. Bu müzakirələr ötən ilin dekabr ayında qanunvericiliyə müvafiq dəyişikliklər edildikdən dərhal sonra başlamış və intensiv şəkildə davam etdirilmişdir.Məlumdur ki, heç bir ölkədə tətbiq olunan model olduğu kimi ölkəmizdə tətbiq oluna bilməz. Nə Fransa, İspaniya, İtaliya, Yunanısan, Türkiyə kimi ölkələrin, nə də postsovet məkanından Moldova və Ukrayna kimi ölkələrin təcrübəsindən Azərbaycanda olduğu kimi istifadə edilməsi məqsədəuyğun deyil.Tənzimləməyə başlamadan əvvəl adıçəkilən ölkələrlə yanaşı, digər bir sıra ölkələrin təcrübəsi də öyrənilmiş, nəticədə ölkəmiz üçün daha məqbul hesab edilən mexanizm formalaşdırılmışdır.Bununla belə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilən mexanizm mütəmadi olaraq təkmilləşdiriləcəkdir. Bu istiqamətdə firmaların sadəcə kommersiya və marketinq maraqlarına dayanmayan, həm əczaçılıq subyektlərinin, həm də istehlakçıların balanslaşdırılmış maraqlarını ifadə edən təklifləri diqqətə alınır, dəyərləndirilir, vahid yanaşma halına gətirilərək heç bir subyektivliyə yol verilmədən mexanizmə daxil edilməklə tətbiq olunur.
"Xalq qəzeti"nə müsahibə