Azərbaycan-Türkiyə I Enerji Forumu çərçivəsində müəyyənləşmiş əməkdaşlıq əlaqələrinin davamı olaraq Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış fəaliyyət planının ikinci mərhələsi üzrə görüşlərə start verilib. AERA və EPDK mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə elektrik şəbəkəsinə qoşulma və sistemdən istifadə qaydaları, elektrik enerjisinin paylanması tariflərinin tənzimlənməsi və enerji itkiləri üzrə yol verilən gəlir həddinə dair Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə bölüşülüb.
Görüşdə AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü əməkdaşlıq çərçivəsində həyata keçirilən bu kimi görüşlərin əhəmiyyətini vurğulayaraq fəaliyyət planının bu mərhələsi üzrə də təcrübə mübadilələrinin faydalı olacağını bildiriblər.
Daha sonra EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Məhəmməd Əmin Hacıbəkiroğlu Türkiyədə elektrik enerjisinin paylanması, elektrik şəbəkəsinə qoşulma, eləcə də qoşulma tariflərinin müəyyənləşdirilməsi metodologiyaları ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib.
Elektrik enerjisinin paylanması üzrə tarif tənzimlənməsi və enerji itkiləri üzrə yol verilən gəlir həddi ilə bağlı təqdimatla çıxış edərək Türkiyə təcrübəsini bölüşən EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Merve Bildirici elektrik enerjisi bazarının strukturu, tarif tənzimlənməsi, həmçinin sözügedən məsələlərə dair mövcud qanunvericilikdə yer alan məlumatları da iştirakçıların diqqətinə çatdırıb.
İnteraktiv sual-cavab sessiyası ilə davam edən görüşün yekununda hər iki mövzu ilə bağlı Azərbaycan Respublikasında normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə AERA-nın mütəxəssiləri ilə məruzəçilər arasında məsləhət yönümlü işçi müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.