ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə təqdimat keçirilmişdir

11 AUGUST 2015 - 16:03

Tədbirdə aidiyyəti dövlət qurumlarının, dərman vasitələrinin istehsalı, idxalı və satışını həyata keçirən şirkətlərin nümayəndələri iştirak etmişlər.

 

Təqdimatla çıxış edən Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov bildirmişdir ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş tapşırığa uyğun olaraq, dərman vasitələrinin qiymətinin tənzimlənməsi sahəsində bir sıra ölkələrin qabaqcıl təcrübəsi öyrənilmiş, Nazirlər Kabineti tərəfindən "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" və Tarif (qiymət) Şurası tərəfindən "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat" təsdiq edilmişdir. 

 

Qeyd olunmuşdur ki, Azərbaycanda tətbiq ediləcək metod (referans qiymət yanaşması) beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur və Avropa ölkələrinin əksəriyyətində bu modeldən istifadə edilir.

 

Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələri üzrə qiymət tənzimlənməsi həyata keçiriləcək. Dərman vasitəsinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər qiymət bəyannamələrini müvafiq qaydada dolduraraq müvafiq sənədlərlə birgə Katibliyə təqdim etməlidir. 

 

Artıq bu ilin 9 iyun tarixindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılmışdır.

 

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçiriləcək, dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla, istinad ölkələrində topdansatış əczaçılıq müəssisələrinə ən aşağı satış qiyməti bazis qiymət kimi müəyyən ediləcəkdir. Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, bazis qiymətlərinin müəyyən edilməsi üçün istinad ölkələri olaraq Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya seçilmişdir.

 

Bazis qiymət əsasında ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanacaq və üzərinə Nazirlər Kabineti tərəfindən təsdiq edilən Qaydada topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə ölkədaxili topdansatış və pərakəndə satış qiymətləri müəyyənləşdiriləcəkdir.

 

Dövlət qeydiyyatına alınmış 4.5 mindən çox dərman vasitəsinin dozadan, ticarət qablaşdırmasından və qablaşdırmadakı miqdarından asılı olaraq 20 mindən yuxarı dərman vasitəsinin etdiyi nəzərə alınaraq, tənzimləməyə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmaqla, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur.

 

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri haqqında ictimaiyyətə müxtəlif vasitələrlə - İqtisadiyyat və Sənaye Nazirliyinin, Tarif (qiymət) Şurasının, Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların internet səhifələrində, KİV-də və s. məlumat veriləcək və qiymətlər barədə məlumat hamı üçün açıq olacaqdır. İstehlakçılar alınan dərman vasitəsinin qiymətinin dövlət tərəfindən tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla yoxlaya biləcək ki, bu da bir növ dərman vasitələrinin qiyməti üzərində ictimai nəzarəti təmin etmiş olacaq.

 

Eyni zamanda, dərman vasitələrinin qiymətlərinə nəzarət aidiyyəti dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar vasitəsi ilə təmin ediləcək. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulması və ya istehlakçıların aldadılması kimi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır və bu təsərrüfat subyektləri barəsində ciddi tədbirlər görüləcəkdir.

 

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi əhalinin dərman vasitələrini optimal və vahid qiymətlərlə ala bilməsinə imkan yaradacaq, süni qiymət artımı məsələsi aradan qaldırılacaq. Dərman vasitələrinin yeni qiymətlərinin hazırkı qiymətlərdən daha ucuz olacağı proqnozlaşdırılır.

 

Sonda qiymət tənzimlənməsi üçün qiymət bəyannamələrinin doldurulması və qiymətlərin formalaşması ilə bağlı nümunəvi təqdimat nümayiş etdirilmişdir.