ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tarif Şurasının yeni qərarı kommunal xidmətlər sahəsində səmərəliliyin artırılmasını hədəfləyir

30 JUNE 2021 - 09:48

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİ 

 

Press reliz 

 

Tarif Şurasının yeni qərarı kommunal xidmətlər sahəsində səmərəliliyin artırılmasını hədəfləyir

 

 

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 

 

analitiki Ayhan Satıcının şərhi 

 

Azərbaycan Respublikasının Tarif Şurasının 30 İyun 2021-ci ildə qəbul etdiyi qərara əsasən ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərində dəyişiklik baş verib. Dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması kimi başlıca səbəblər əsas götürülərək müvafiq dəyişikliklər qəbul edilib. 

 

Burada ən mühüm məqam ondan ibarətdir ki, əhalinin 51%-ni, yəni 5 milyon nəfəri əhatə edən istehlakçılara təbii qazın illik istehlak həcminin 1200 m3 -dək olan hissəsi üçün hər hansı bir tarif dəyişikliyi edilməyib və 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Bu da öz növbəsində qərarın sosialyönümlü olmasına və əhalinin əksər kəsiminin mənafeyinin qorunmasına bariz nümunədir. Onu da qeyd etmək gərəkdir ki, iqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi də dəyişdirilməyərək 20 qəpik səviyyəsində saxlanılıb. Əlavə olaraq, istehlak edilən qazın 1200-2500 m3 -dək olan hissəsi üçün 1 m3 təbii qazın qiyməti 20 qəpik, 2500 m3 -dən çox olan hissəsi üçün isə 25 qəpik təyin edilib. Burada qeyd edilməsi zəruri olan nüanslardan biri də odur ki, dünya bazarlarında artan enerji qiymətlərinə səbəb enerji istehlakında artım və səmərəsiz istifadədir. Məhz buna görə də, təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Qlobal trendlərin təhlili də onu göstərir ki, mərkəzləşdirilmiş istilik sistemləri enerji səmərəliliyi baxımından prioritet təşkil edir. Həmçinin, bu məqsəd üçün tariflərin endirilməsi özlüyündə ətraf mühitin mühafizəsinə müsbət təsir edəcəkdir. Buna misal olaraq, İngiltərəni göstərə bilərik. Belə ki, 2020-ci ilin statistikasına əsasən əhalinin 95%-i mərkəzləşdirilmiş isitlik sistemindən istifadə etməkdədir. Mərkəzi istilik sistemlərin 86%-i isə təbii qazdan isitmək üçün istifadə edir. 

 

Azərbaycanda əhaliyə satılan təbii qazın qiymətini digər MDB və qonşu ölkələr ilə müqayisə etdikdə təbii qazın satışı əhalinin 1200 m3 -dən artıq istehlak edən təbəqəsi üçün belə çox olmadığı ortaya çıxır. Belə ki, 2020-ci ildə 1 m3 təbii qazın tarifi əhali abonenti üzrə Ankarada orta hesabla 32 qəpik, Kiyevdə 32,6 qəpik təşkil edib. Hazırda isə bu göstəricilər artaraq Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik təşkil edir. Həmçinin, bu göstəricilər Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. Avropa Birliyi ölkələrinə nəzər yetirdikdə isə, bu göstəricilər Latviya, Litva, Macarıstan və Rumıniyada 1 m3 təbii qaz üçün 29-68 qəpik ətrafında dəyişməkdədir. 

 

Tarif Şurasının bir digər qərarı ilə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün elektrik enerjisinin tarifləri günün vaxtına görə diferensiasiya edilib. Belə ki, müvafiq tariflər gündüz vaxtı saat 08.00-dan 22.00-a qədər tarif 7,3 qəpik, gecə vaxtı saat 22.00-dan 08.00-a qədər 3,5 qəpik olaraq təyin edilib. Enerji səmərəliliyini və artan istehlakı nəzərə alaraq tarifin günün vaxtına görə diferensiasiya edilməsi müsbət addımdır. Belə ki, qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. 

 

Son olaraq onu da qeyd etmək lazımdır ki, elektrik enerjisinin ölkədaxili yeni tariflərinin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə hər hansı bir dəyişiklik edilməyib və bu da qərarın həm səmərəliliyini, həm də sosialyönümlü olmasını göstərən amildir.