ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

16 октября 2021 - 15:05

16 oktyabr 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisinin tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Tarif (qiymət) Şurasının iclasında dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlığı məqsədilə bu sahəyə investisiya qoyuluşunun təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilmişdir.

Aparılan müzakirələrdə ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınmaqla müxtəlif tarif artımı variantları dəyərləndirilmişdir. Təhlillər göstərir ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur.

İclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanmışdır.

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə təbii qazdan istifadə tarifləri aşağıdakı kimi təsdiq edilmişdir:

 

 

 

Göstəricilər

Mövcud tarif

Yeni tarif

Tariflər (manat/1000 m3, ƏDV ilə)

1.

“Azneft” İB-dən alınan

75

90

2.

Topdansatış (“Azəriqaz” İB, “Naxçıvanqaz” İB)

110

118

3.

Əhali

 

 

3.1.

1200 m3-dək (1200 m3 daxil olmaqla)

100

120

3.2.

1200 m3-2500 m3

200

200

3.3.

2500 m3-dən çox

250

250

4.

Qeyri-əhali

 

 

4.1.

Sənaye və kənd təsərrüfatı

200

220

4.2.

“Azəristiliktəchizat” ASC, məhəllə qazanxanaları və CNG tipli

qazdoldurma məntəqələrinə

130

165

4.3.

Digər

250

250

4.4.

Metanol və karbamid zavodları

200

200

5.

“Azərenerji” ASC

130

165

6.

Təbii qazın emalı

5,5

5,5

7.

Təbii qazın nəqli

5,3

5,3

8.

Təbii qazın yeraltı qaz anbarlarına vurulması və götürülməsi

8,25

8,25

 

 

                                                                                                                                                                                                                                                                 

İclasda həmçinin, ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması məqsədilə ixrac olunan elektrik enerjisinin, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün istehsalçı tərəfindən təbii qazın müqavilə qiyməti ilə alınması məqsədəuyğun hesab olunmuş, bu barədə müvafiq qərar qəbul edilmişdir.

Əhali istehlak qrupu üzrə sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında aparılmış və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi üzrə (1200 m3) tariflərə dəyişiklik olunmamışdır.

Təbii qaz qiymətlərinin sürətli artımı dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan vermişdir. 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, qlobal iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanması elektrik enerjisinə tələbatı da kəskin artırmışdır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan və elektrik enerjisindən istifadə edən sahələr üçün tariflər dəyişmiş, istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır.

Qeyd olunmalıdır ki, ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir.

Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətində dəyişikliklər nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün elektrik enerjisinin tarif tənzimlənməsi zərurəti yaranmışdır.

İclasda Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə elektrik enerjisindən istifadə tarifləri aşağıdakı kimi təsdiq edilmişdir: 

 

    

Göstəricilər

Mövcud tarif

Yeni tarif

Tariflər (qəpik/kVts, ƏDV ilə)

1.

“Azərenerji” ASC üzrə topdansatış tarifi

5,7

6,6

2.

Alüminium sənayesi üzrə gecə-gündüz tarifi

2,8-5,8

3,1-6,4

3.

Kimya sənayesi

4,55

Digər istehlakçı qrupuna aid edilir

4.

Əhali

 

 

4.1.

300 kVts-dək

7

-

4.2.

300 kVts-dan çox

11

-

4.3.

200 kVts-dək (200 kVts daxil olmaqla)

-

8

4.4.

200 kVts-dan - 300 kVts-dək (300 kVts daxil olmaqla)

-

9

4.5.

300 kVts-dan çox

-

13

5.

Qeyri-əhali

 

 

5.1.

Ticarət və xidmət

9

11

5.2.

Digər

9

10

                                                                                                                                                                                                                       

 

Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılmışdır.

İclasda həmçinin, kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilmiş, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisinin müqavilə qiyməti ilə verilməsi məqsədəuyğun hesab olunmuşdur.

Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Qərarlar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minir.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar. 

 


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının Katibliyi

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olaraq müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Şuranın üzvləridir.