İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov Şuranın qərarlarını şərh edir

03.12.2013

Məlumat verildiyi kimi, Tarif (qiymət) Şurasının dekabrın 2-də keçirilmiş iclasında bir sıra qərarlar qəbul edilmişdir. Bu qərarlar, eləcə də onların iqtisadiyyata təsiri barədə sualları Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov cavablandırır.

İlkin müəllim, ümumilikdə Tarif (qiymət) Şurasının iclasında baxılmış məsələlər və qəbul edilmiş qərarlar barədə məlumat verməyinizi xahiş edirik.
- Qeyd edim ki, bazar iqtisadiyyatı prinsipləri çevik tənzimləmə tələb edir. Dinamik iqtisadi inkişaf üçün həm də mal və xidmətlərin tarif və qiymətlərinin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması zəruridir. Tarif (qiymət) Şurasının növbəti qərarları da məhz bu istiqamətdə olmuşdur. Şuranın 2 dekabr 2013-cü il tarixində keçirilmiş iclasında rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının tariflərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Onu da vurğulayım ki, Tarif (qiymət) Şurasının iclasında bir sıra rabitə tarifləri əhəmiyyətli dərəcədə aşağı salınmışdır. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilmişdir. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi üçün ödənişlər ləğv edilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciətində aylıq abunə haqlarının artırılaraq limitlər üzrə müəyyənləşdirilməsi və limitlərdən artıq danışıqlarda dəqiqələr üzrə ödənişin tətbiqi təklif olunsa da, telefon danışıqlarında limitin tətbiq edilməsi məqsədəuyğun hesab edilməmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılmışdır.
Şuranın iclasında baxılmış başqa bir məsələni də diqqətə çatdırmaq istəyərdim. Belə ki, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı hədd kimi təsdiq edilmiş, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılmışdır. Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə yuxarı tarif həddinin təsdiq edilməsi müvafiq sahədə rentabelli fəaliyyəti təmin edən daha aşağı və optimal tariflərin tətbiq olunmasına imkan yaradacaqdır...

Tarif (qiymət) Şurasının iclasında neft məhsullarının topdan və pərakəndə satış qiymətlərində də dəyişiklik edilmişdir. Bu dəyişikliyi zəruri edən səbəblər hansılardır?
- Ümumi istehlakda payı çox az olan Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzinlərinin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmişdir. Həmçinin, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur.
Əvvəla qeyd edim ki, hazırda neft məhsulları üzrə mövcud tariflər nəinki Avropa, hətta əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Tarif artımından sonra da benzinin pərakəndə satış qiyməti Azərbaycanda digər MDB ölkələrindən aşağı olacaqdır. Hazırda neft istehsalına görə dünyada 2-ci yerdə olan Rusiyada benzinin qiyməti Azərbaycanla müqayisədə daha yüksəkdir.
Məlumat üçün bildirim ki, neft məhsulları üzrə sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində həyata keçirilmişdir. 2007-ci ildə tarif tənzimləməsi aparılarkən xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir. Bu dövrdə ölkəmizdə minik avtomoillərinin sayı 617 mindən 959 minədək artmışdır. Son 7 ildə avtomobil benzinləri üzrə ölkədaxili tələbat 800 min tondan 1,3 milyon tona, orta aylıq əmək haqqı isə 215,8 manatdan 417 manatadək, Ümumi Daxili Məhsulun bir nəfərə düşən həcmi 3,3 min manatdan 5,9 min manatadək yüksəlmişdir.

Neft məhsulları üzrə tarif dəyişikliyinin nəqliyyat sektoruna təsiri necə olacaqdır?
- Tarif dəyişikliyinin ictimai nəqliyyata təsiri də çox azdır. Belə ki, ictimai nəqliyyatda yanacaq xərcinin ümumi gəlirlərdə xüsusi çəkisi təqribən 20% təşkil edir və tarif artımından sonra bu göstərici 26,5% olacaqdır. Həmçinin taksi üzrə gediş haqqında yanacaq xərcinin payı 3% artacaqdır və bu artımlar sahənin rentabelliyi hesabına kompensasiya edilə bilər.
Bununla yanaşı, neft məhsulları üzrə tarif tənzimlənməsi yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıra bilər və bu ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. 
Qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarı ilə neft məhsullarının aksiz dərəcələrinə dəyişiklik edilmiş və tarif artımından yaranan əlavə vəsaitin əsas hissəsi vergi şəklində büdcəyə daxil olacaqdır. 
Digər tərəfdən hər il dövlət büdcəsindən sosialyönümlü xərclərin artırılmasına və yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi, yeni yolların salınması, şəhər, qəsəbə və kəndlərdə yolların abadlaşdırılması üçün böyük vəsaitlər ayrılır.
Bütün bunlar da - yəni yolların yaxşı vəziyyətdə olması, kiçik həcmli avtomobillərin sayının artması, tıxacların azalması ictimai nəqliyyatda yanacaq sərfiyyatını azaldan amillərdir.

Bəs tarif dəyişikliyi ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı və satış qiymətini artırmayacaqmı?
- Neft məhsulları üzrə tarif tənzimlənməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarına ciddi təsir göstərməyəcək. Belə ki, bu sahəyə dövlət tərəfindən əvəzsiz yardımlar göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına toxum, gübrə, yanacaq dəstəyi ayrılır, onlara güzəştli kreditlər verilir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır.
Qeyd edək ki, 2012-ci ildə fiziki şəxs kimi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərində rentabellik 54,8%, digər kənd təsərrüfatı müəssisələrində isə rentabellik səviyyəsi 19,2% olmuşdur. Kənd təsərrüfatı məhsullarının qiymətində dizel yanacağının xüsusi çəkisi 3,5% təşkil edir ki, bunun da 1,2%-i dövlət büdcəsindən ayrılan subsidiya hesabına ödənilir. Tarif dəyişikliyindən sonra kənd təsərrüfatı məhsullarının qiymətində dizel yanacağının xüsusi çəkisi 4,7%, dövlət büdcəsindən ayrılan subsidiya isə 1,8% təşkil edəcəkdir. Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə rentabellik kifayət qədər yüksəkdir və tarif dəyişikliyi məhsulun maya dəyərinə və rentabellik səviyyəsinə ciddi təsir etməyəcək.

Şuranın iclasında iri istehlakçılara satılan təbii qazın qiyməti də dəyişdirilmişdir.
- Məlum olduğu kimi, istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında poladəritmə, həmçinin, elektrik enerjisi istehsalı müəssisələri üzrə təbii qazın tarifləri sonuncu dəfə 14 mart 2007-ci ildə Şuranın müvafiq qərarı ilə digər istehlakçılarla müqayisədə aşağı səviyyədə (42 manat/1000 kubmetr) müəyyən edilmişdir. Ötən müddət ərzində elektroenergetika sahəsinə iri həcmdə investisiya qoyuluşları həyata keçirilmiş və ölkənin enerji sistemindəki generasiya gücləri əhəmiyyətli şəkildə artırılmışdır. Ən yeni texnologiyalara əsaslanan elektrik stansiyalarının tikilib istifadəyə verilməsi nəticəsində ümumilikdə enerji sistemi üzrə şərti yanacağın xüsusi sərfi əhəmiyyətli şəkildə aşağı salınmış və yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramının hədəfinə uyğun olaraq bu proses davam etdirilir. Eyni zamanda, təbii qaz tariflərinin kimya və alüminium sənayesinə təsirləri də öyrənilmiş, həmin müəssislərə təbii qazın yeni tariflərlə (80 manat/1000 kubmetr) satılması məqsədəuyğun hesab edilmişdir. Bu tarif dəyişikliyinin əhali istehlakçı qrupuna heç bir təsiri olmayacaqdır. 

Tarif (qiymət) Şurasının qərarı iclasın keçirildiyi gün - dekabrın 2-də açıqlandı. Axı, neft məhsullarının yeni tarifləri dekabrın 3-dən etibarən tətbiq ediləcəkdir. 
- Tarif (qiymət) Şurasının neft məhsullarının tarif dəyişikliyinə dair qəbul etdiyi qərarın əvvəlcədən açıqlanmaması baş verə biləcək sui-istifadə hallarının qarşısının alınması məqsədini daşıyır. Şuranın rabitə xidmətləri ilə bağlı qəbul etdiyi yeni tariflər isə 1 yanvar 2014-cü il tarixdən tətbiq ediləcəkdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası