İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurası

Şuranın Katibliyi


Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanının 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında” Nazirlər Kabinetinin 9 mart 2006-cı il tarixli 68 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Şuranın Katibliyinin işçilərinin say həddi, Şuranın katibinin və əməkdaşlarının aylıq vəzifə maaşları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatı rəhbərinin və işçilərinin aylıq vəzifə maaşları və digər təminatları səviyyəsində müəyyən edilmişdir. 

“Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə görə Şuranın cari fəaliyyətinin təşkili Şuranın Katibliyi tərəfindən həyata keçirilir. Şuranın sədri Katibliyin strukturunu, fəaliyyətinə dair təlimatları təsdiq edir, onun rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir. Şuranın Katibliyinin əməkdaşları dövlət qulluqçularıdır.
 
Şuranın Katibliyi müvafiq icra hakimiyyəti orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla Katibliyin işçi qruplarını formalaşdırır, Şuranın illik fəaliyyət planını və iclaslarda baxılacaq məsələlərin layihələrini hazırlayır, aidiyyəti dövlət orqanlarından, mülkiyyət formasından və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır.

Şuranın Katibliyi Azərbaycan Respublikasının Dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir. 

Şuranın Katibliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarlarını, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının sədrinin əmr, göstərişlərini və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin Əsasnaməsini rəhbər tutur.

Şuranın Katibliyi qanunvericiliyə uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərə Şura tərəfindən baxılması ilə bağlı təşkilati işlərin görülməsini, səlahiyyətləri daxilində qiymətlərin dövlət tənzimlənməsi sahəsinin inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 

Şuranın Katibliyi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası